Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

park_7
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili Ceyhun Osmanlı: “Qadın diploma cehiz kimi baxır” - 2011-03-02

 

- Ceyhun bəy, başlayaq “İrəli” İctimai Birliyindən. Bir zamanlar belə bir fikir səslənirdi ki, “İrəli” mövcud gəncliyə alternativ cəmiyyət kimi formalaşdırılır. Bu fikir nə qədər əsaslıdır?

“Biz amorf cəmiyyət deyilik”

- Sözün düzü, mən deməzdim ki, “İrəli” mövcud gəncliyə alternativ və yaxud da cəmiyyət içərisində amorf bir cəmiyyətdir. Tam əksinə, “İrəli” Azərbaycan gəncliyi tərəfindən yaradılıb və mən də Azərbaycan gəncliyini parçalamazdım. “İrəli” gəncliyimizin vahid enerjisi əsasında formalaşıb. Amma biz “İrəli” yarananda qarşımıza belə bir məqsəd qoymuşduq ki, Azərbaycan gəncinin yeni obrazını, simasını yaradaq. O obraz, o sima dünyadakı ən üstün nailiyyətlərdən xəbərdardır, dünyada baş verən elmi nailiyyətlərdən, texniki tərəqqidən xəbərdardır. Eyni zamanda da milli-mənəvi dəyərlərimizə sahib çıxır və bunları qoyurur. Yəni bizdən bir dəfə soruşanda ki, siyasi aləmdə özünüzü necə adlandırardınız, onda mən demişdim ki, neo-konservatorlara daha çox aid etmək olar. Milli-mənəvi dəyərlər məsələsində konservativik, amma eyni zamanda yeniliklərə də son dərəcə açığıq. Burada həm Azərbaycanda təhsil alıb formalaşan mütərəqqi gənclər, həm də xaricdə təhsil alan bir çox gənclər toplaşmışdır. Ümumilikdə belə bir obrazı yaratmağı qarşımıza məqsəd qoymuşduq. Bir neçə il keçib və mən artıq əminliklə deyə bilərəm ki, məqsədimizə nail olmuşuq. Cəmiyyət fərdlərdən ibarət çox konkret bir anlayışdır. Əgər bir cəmiyyətin tərkib hissəsi olan fərdlər inkişaf edibsə, dolayısıyla bu inkişaf bütün cəmiyyətin inkişaf səviyyəsini formalaşdırır. Biz fərdlərin inkişaf etdiyi, nailiyyət qazandığı, bərabər imkanlara sahib olduğu, fərdlərin ədalət prinsipini ən ali məqam kimi mənimsədiyi cəmiyyət olaraq arzulamaqla yanaşı, onu qurmaqda da iştirak etmişik.

- Bu gün gəncliyin bir çox qatları da var. Məsələn, “İrəli” İctimai Birliyinə baxanda müəyyən təhsil alan, normal həyat arzulayan gənclik ordusu da var, Azərbaycanda çox yoxsul durumda yaşayan gənclik təbəqəsi də var. Son 4 ayda apardığım adi bir araşdırmaya görə, 4 ay əvvəl 30, sonrakı ay 55, 3-cü ay 80 nəfər gənc intihar edib. Bu yalnız intihar edən gənclərin sayıdır. Bu problemi necə araşdırırsınız və bu istiqamətdə hansı işləri görürsünüz?

“Hollivud filmləri ilə böyüyürük”

- Həqiqətən, intihar hadisələri var. Amma mən sizin dediyiniz rəqəmləri bilmirəm. Diqqətinizi başqa bir məqama yönəldim ki, yol qəzalarında da insanlar dünyasını dəyişir. İntihar hallarının bu qədər çox olmasından əmin deyiləm. Amma özlüyündə arzu olunan hal deyil və bizi narahat edən məqamlardan biridir. Bu, əsasən insanlarda psixoloji boşluqlardan baş verən hadisələrdir. İnsanın ilk növbədə mənəviyyatı qaydasındadırsa, o mənəvi cəhətdən yolunu tapıbsa, hesab edirəm ki, həmin gənc heç vaxt intihar etməz. Çünki insanın canına qıyması birmənalı olaraq yolverilməzdir. Amma bunu həm də müəyyən qədər iradə zəifliyi ilə də əlaqələndirmək olar. Çünki iradəli insan hər bir halda vəziyyətdən çıxış yolunu bilir. İntihar həm də təhsil səviyyəsi ilə bağlıdır. Çünki ali dəyərləri özündə birləşdirən insan intihar etməz. Təhsilli insan hər zaman alternativ çıxış yollarını bilir. Dolayısıyla biz belə neqativ insidentlərin olmasını istəmiriksə, cəmiyyətimizin hərtərəfli inkişafına -təhsilinə önəm verməliyik. Təhsildə olan hər cür boşluqların aradan qaldırılmasına çalışmalıyıq. Bütün cəmiyyət olaraq buna çalışmalı və nail olmalıyıq. Çünki açıq danışsaq, təəssüflər olsun ki, bu gün insanın formalaşmasına kənar faktorlar valideynlərindən daha çox təsir edir. Bazar iqtisadiyyatı şəraitində hər kəs öz həyatını qazanmaqla məşğuldur. Anlaqsız rəqabət mövcuddur. Yəni valideyn səhər evdən çıxır, bir də gecə qayıdır. Uşaq da “Hollivud” filmləri ilə baş-başa qalır. Bütün günü aqressiyanı təbliğ edən müxtəlif mədəni təsirlər altında olur. Terroru, oğurluğu və başqa bu kimi naqis keyfiyyətləri təbliğ edən filmlərlə üzləşir. Dolayısıyla insanın formalaşmasında öz cəmiyyətindən, valideynindən daha çox “Hollivud” mədəniyyəti rol oynayır. İnterneti götürək. Bu gün internetdə hər cür informasiya tapmaq mümkündür. Bu da cəmiyyət üzvü olaraq bizi ağrıdır. Yəqin hər bir vicdanlı insan özünə bu sualı verir ki, necə edək bu hallar bizim cəmiyyətdə olmasın. Bu, şəxsən məni ağrıdır. Nə qədər faciəli məsələdir, bir internetdən oxuyaq ki, kimsə intihar etdi. Cəmiyyətimizin bir övladı heç bir çıxış yolu tapmadı və intihar etdi. Buna görə də biz gərək öz şüurumuzda olan bəzi neqativ stereotiplərdən imtina edək. Məsələn, bir nümunə deyim. Mənim sevmədiyim deyimlərdən biri – “hərə özünə cavabdehdir” deyimidir. Necə yəni hərə özünə cavabdehdir?! Xoşbəxt cəmiyyət istəyən adam bu ifadəni işlətməməlidir. Çünki hərənin özünəcavabdeh olduğu cəmiyyət heç vaxt xoşbəxt ola bilməz. O cəmiyyət xoşbxət ola bilər ki, hamı bir-birinə cavabdehdir. Təsəvvür edin ki,sizin imkanınız yaxşıdır, amma qonşunuz oğrudur. O oğrunun hədəfində birinci siz olacaqsınız. Yəni siz qonşunuza cavabdeh deyilsinizsə, təhsilsiz, işsiz, oğru qonşunuza cavabdeh deyilsinizsə, bunun təsiri birinci sizə olacaq. Ona görə hər kəs öz qohumuna, qonşusuna sahib çıxsa, cəmiyyətdə heç vaxt belə problemlər olmaz. Və yaxud da başqa bir məsələyə toxunaq. Hərdən deyirik ki, Azərbaycanda 20 minə yaxın kimsəsiz uşaq var. Hərdən düşünürəm, biz buna görə utanmalıyıq. Biz özümüzü iradəli, böyük dəyərlərin daşıyıcısı hesab edirik. Necə ola bilər ki, 9 milyon insan olan cəmiyyətdə 20 min kimsəsiz uşaq olsun?! Yəni cəmi 20 min ailənin hərəsi 1 uşağı himayəyə götürsəydi, deməli, bu problem olmazdı. Ona görə də bu fəlsəfə üzərində düşünmək lazımdır. Sağ olun ki, bu sualları verirsiniz. Bəlkə kimsə oxuyub nəticə şıxaracaq və kimsəsiz bir uşağı himayəyə götürəcək. Bu, bütün toplumun məsələsinə, təfəkkürünə çevrilməlidir.

- Son zamanlar Azərbaycan gəncliyində İslama meyl yaranıb. Gəncliyin bu meyli sabah cəmiyyətin hansısa təhlükə ilə üz-üzə qalmasına aparıb çıxarmaz ki?

“Bəziləri dinə ləkə gətirir”

- Bilirsiniz, biz dünyəvi cəmiyyətin tərəfdarıyıq. Amma belə baxsaq, hər üç dinə dünyəvi yanaşma olsa, görərik ki, son nəticə olaraq onların hamısı təmizliyi təbliğ edir. Pis əməllərdən uzaq olmağı, topluma sahib şıxmağı öyrədir. Həm xristianlıq, həm yəhudilik, həm də İslam bunu təbliğ edir. Əlbəttə ki, istər yəhudi, istər xristian, istərsə də müsəlman olsun – belə məsələlərlə pis vərdişlərdən uzaq dura bilər. Ən azı din intiharı qadağan edir. Amma təəssüflər olsun ki, bəzən din pərdəsi altında istər xaricdən, istərsə də daxildən qaynaqlanan destruktiv fəaliyyətlərin də şahidi oluruq. Əlbəttə, belə insanlar dinə ləkə gətirirlər. Yəni mənimçün yaxşı din – yaxşı elm deməkdir. Çünki din təhsili təbliğ edir, o deyir ki, beşikdən qəbrə qədər oxuyun, təhsil alın. Eyni məsələyə həm də fərqli münasibətlər ola bilər. Biri oxuyur, tamam fərqli bir şey başa düşür – destruktiv nəsə götürür, o biri isə konstruktiv fayda götürür. Amma istənilən halda Azərbaycan cəmiyyətinin nail olduğu ən böyük dəyərlərdən biri dünyəvilikdir. Çünki bu gün Azərbaycanın başqa cəmiyyətlərdən üstün olan cəhəti həm də insan kapitalıdır. Azərbaycan insanının 90 faizi oxuyub-yaza bilir. Məsələn, Uqandada 30 faiz əhali oxuyub-yaza bilir. Təsəvvür edin ki, belə bir şəraitdə islahat keçirmək istəyirsiniz və yolun qırağına lövhə yazıb vurmusunuz. Ölkənin 70 faizi o lövhəni oxuya bilmir. Yol hərəkəti nişanı asmısınız, ölkənin 70 faizi onu başa düşmür. Belə olan şəraitdə çox çətin olardı.

Bəzi qadınlar diploma cehiz kimi baxırlar”

- Bəs bu gün Azərbaycanda “beyin bankı” nə səviyyədədir. Boşdur, yoxsa dolu?

- “Beyin bankı” deyəndə burada söhbət insan kapitalından, ona verilən dəyərdən gedir. Düşünürəm ki, dünyadakı ən ali varlıq insandır . Ən böyük investisiyalar insana olmalıdır. İnkişafdan danışarkən birinci insan inkişafını nəzərdə tutmalıyıq. Təminatdan danışarkən birinci insan təminatını nəzərdə tutmalıyıq. Çünki hər bir inkişafın da, geriliyin də arxasında yatan faktor insandır. Bu gün Skandinaviya ölkələri insan inkişafına görə dünyada ən aparıcı yerləri tuturlar. Burada bəzi stereotiplər önəmlidir. Ona görə o yerlərdə deyirlər ki, bizdən çox ağıllıdırlar. Ona görə ki, ən adı məsələdə belə cəmiyyətin inkişafı üçün qadın və kişi bərabər çalışır. Təəssüflər olsun ki, Azərbaycanda mənfi tendensiyalar var ki, bəzi qadınlar diploma cehizin tərkib hissəsi kimi yanaşırlar. Deyirlər ki, “imkanlı bir adamla ailə qursam işləməzdim”. Və yaxud da bəzi kişilər evlənmək üçün varlı qadınlar axtarırlar. Onlar da tənbəldirlər. Bayaq sözüm yarımçıq qaldı. Bu ondan irəli gəlir ki, bizim cəmiyyətimiz və gənclərimiz arasında istehsalçı düşüncə tərzi formalaşmayıb. Hər bir insan həyatını özü qazanmalıdır. Təhsilinin də, işinin də peşəkarı olmalıdır. İş insanı axtarmalıdır, insan işi axtarmalı deyil. Bu gün XİN-in ildə 20-30 diplomata ehtiyacı var. Belə olan halda 700-800 nəfərin “Beynəlxalq münasibətlərdə” təhsil almasının nə mənası var? Birinci bunu düşünmək lazımdır. Bu gün qeyri-neft sektoru var, ölkəmiz bunu açıqlayıb. Kimya, kənd təsərrüfatı sahələrində yeni nəsil menecerləri kimi ixtisaslara da üz tutmaq olar. Yoxsa…

printerçap versiyası