Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

Ceyhun Osmanlının Quruzma kəndinin sakinləri ilə görüşü
(050) 340-40-30

Fəaliyyət

Ceyhun Osmanlı: “Rüşvət alan sənin dayındır, əmindir...” - SÖHBƏT - 2013-02-25

“Nar mövzusunda mənimlə mübahisə etməyin...”

Layihə: Vüsalə Məmmədova ilə Qadın Klubu

Qadın Klubumuz ayın sonuna güclə toplandı. Çünki ilin ilk ayının qəhrəmanları ilə - Rasim Balayev və Əkrəm Əylisli ilə görüşmək istəyirdik. Ayrı-ayrılıqda hər ikisindən bir həftə cavab gözlədik. Sonda bu aralar yerli mətbuata danışmaq istəmədiklərin bildirdilər. Baş redaktorumuza “mətbuat onları itirdi, nə edək” sualını verəndə, “qazanclarımıza, gənclərə müraciət edin” cavabını eşitdik. Millət vəkili Ceyhun Osmanlının yeni nömrəsini tapmayıb, köhnə nömrəsini yığdım, ikinci zəngdən açdı, sən demə, deputat seçiləndən sonra nömrəsini dəyişməyib. Mətbuata da İRƏLİ İB-nin sədri olduğu vaxtlardakı kimi açıqdır. Dəvətimizi dinləyib, “Mən də sizi dəvət edə bilərəm” - dedi. Kinoçumuz Aygün Aslanlı, müəlliməmiz Səbinə Gözəlova və mən redaksiyamızın seçdiyi məkanda onu gözləyirdik ki, bir oğlan əlində üç tortla gəldi. Ceyhun müəllimin bizə göndərdiyi hədiyyələri tək-tək təqdim edəndən az keçməmiş qonağımız özü də gəldi.

Vüsalə: Mən görüşə gəlməzdən əvvəl “İRƏLİ” İB-nin üzvlərindən haqqınızda məlumat topladım, görüm əleyhinizə nə tapa bilirəm. Görüşdüyüm uşaqlar hamısı eyni sözü dedi: “Ceyhun Osmanlı bizim sədrimiz yox, yaxın dostumuz, böyük qardaşımız idi. Bizimlə elə dildə danışırdı ki, bütün tədbirlərdə həvəslə iştirak edirdik. İndiki sədrimiz isə elə deyil”

- Razı deyiləm. Xarakterlər fərqlidir, bəzi insanlar şən doğulur, bəziləri yox. Mən insanların xarakterində qüsur axtarmağa çalışmıram. Biz insanı məhv etməyin yox, pərvazlandırmağın yolunu axtarmalıyıq. İRƏLİ üzvləri bu gün də kifayət qədər fəaldır...

Aygün: Siz millət vəkili olandan sonra İRƏLİ əvvəlki kimi fəal deyil.

- Hər insanın bir qabarıq cəhəti olur. Qətiyyən razılaşmıram ki, İRƏLİ Rauf Mərdiyevin rəhbərliyi altında zəif fəaliyyət göstərir. Hətta bəzi hallarda daha effektlidir. Sadəcə Rauf bunun PR tərəfində o qədər də maraqlı deyil. Mənim İRƏLİ-nin fəaliyyətini reklam etməkdə xüsusi bir marağım olub. Bəlkə də bu mənim önə çıxan xüsusiyyətim idi. İRƏLİ-ni təhvil verəndə 30 yaşım var idi, Rauf isə daha cavandı. O mənim yaşımda, təcrübəmdə olanda daha yaxşı idarə edəcək. İRƏLİ brendi yarananda mənim 23 yaşım var idi...

Nə isə, bu haqda xeyli danışdıq. Biz xorla, o isə tək. Dedik-dedi, dedik-dedi, axırda Harvarddan misal çəkməsi ilə mövzunu bağladı:

- Harvardda bir termin var idi. “Bəzən biz nəyisə görmürük və bizə elə gəlir ki, o yoxdur”. Hər kəsin öz sosial əhatəsi var. Məsələn, mən sosial əhatəmdə elə insanlarla yanaşıyam ki, mənə elə gəlir bütün reallıq onlardan ibarətdir. Ola bilsin sizin yanınızda elə insanlar var ki, sizə elə gəlir bütün reallıq onlardan ibarətdir. Əslində isə reallıq nə mən deyəndir, nə siz deyən. Reallıq insanların sayı qədərdir. Mən hər şey yaxşıdır, ya hər şey pisdir ifadələrindən uzaq adamam. Xoşum gəlir ki, bir fikir deyəndə o saat deyim gəlin açaq rəqəmlərə baxaq, faktlarla danışaq. Çox sadə misal. Bu gün Facebook fan səhifələri dəbdədir. Hər təşkilat facebookda bir səhifə yaratsın və görək öz rəğbətini bildirmək üçün neçə adam o səhifəni bəyənir.

Səbinə: Mən bu yaxınlarda qərara gəldim ki, hansısa birliyin üzvü olmalıyam. Facebook səhifələrindən baxıb gördüm ki, İrəli daha çox tədbir keçirir. Ona görə də İRƏLİ-ni seçdim və oranı tələbələrimə də rahatlıqla məsləhət görə bilirəm.
Səbinə müəllimə də fakt olaraq özünü misal çəkib, Ceyhun Osmanlı “Məndə elə təəssürat yaranır ki, bu müsahibə mənim yox, İRƏLİ haqdadır” deyincə, mövzunu dəyişib təhsilə gətiririk. Səbinə “Bugünkü Azərbaycan təhsili insanı şəxsiyyət kimi formalaşmasına mane olur, yoxsa yox?” deyincə, gənc millət vəkili diplomatik bir gediş etmək istəyir:


- Gəlin öz şəxsiyyətimizdən danışaq. Burda dörd nəfər əyləşmişik və bir növ Azərbaycan təhsilinin yetirmələriyik....

Xor: Xeyr! Bizim təhsilin bünövrəsi sovetlər vaxtında qoyulub.

- Mən razılaşmıram. Mənim təhsilimin ən yaddaqalan hissəsi müasir Azərbaycanla bağlıdır. Səmimi danışaq. Mən təhsil mütəxəssisi deyiləm. Amma rəqəmlərə baxıram və məndə belə təəssürat yaranır ki, bizdə savadlı gənclərin də sayı əvvəlkinə nisbətən çoxalır, savadsız gənclərin də. Amma təhsil mütəxəssisi Məleykə Abbaszadədir və o, təhsilin səviyyəsindən narazıdır. Hətta təhsil naziri də deyir ki, təhsildə ciddi problemlər var. Təhsillə məşğul olan iki önəmli adam deyirsə ki, təhsildə problem var, deməli var. Amma şəxsiyyət kimi formalaşmaqda təkcə təhsilin rolunu əsas hesab etmirəm. Maraqlı bir misal çəkim. İRƏLİ-nin sədri olduğum dövrdə yeni üzvlərdən biri konfransda çıxış edəndə hansısa səhvə yol verir. Tez mənə zəng edirlər ki, sən hara baxırsan ki, bu gənc ağlına gələni danışır. Sonra baxıram ki, gənc elə ciddi bir səhvə də yol verməyib. Sadəcə kiməsə bir az tənqidi yanaşıb. Araşdırıb görürəm 23 yaşlı gənc cəmi iki aydır İRƏLİ-yə üzvdür. Zəng edirəm şikayət edən adama ki, bu adam 23 ildir hansısa ailədə böyüyüb, bağçaya, məktəbə, universitetə gedib. Onu 23 yaşına qədər mən yetişdirməmişəm. İki ayda da bu adamdan möcüzə düzəldə bilməzdim. İnsan hansısa ailənin, bağçanın, məktəbin, məhəllənin, dostluq qrupunun yetirməsidir.

23 yaş demişkən, onun özü də bu yaşdan ictimai-siyasi fəaliyyətə başlayıb. Bu vaxtından əvvəl böyüməyinəmi, yoxsa gəncliyində nələrisə yaşamağınamı mane olub? Elə bir kəlmə “Fəaliyyətə 23 yox, 18 yaşımdan başlamışam” demişdi ki, çaya etiraz etdi:

- Bu kəklikotulu çaydır? Mənə normal qara çay verə bilərlər? Bəlkə də bunu yazmaq düz deyil, amma qan təzyiqi...

Heç imkan verərik davam etsin? Tez soruşuram ki, “Qan təzyiqi parlamentə qədər var idi, yoxsa sonradan olub?” “Sonra” deyir və bizə qoşulub gülür. “Sizi başa düşürəm, yazını necəsə manşetə çıxarmalısız”  deyib, bayaqkı suala qayıdır:

- Məsələn, heç vaxt kompüter oyunu oynamamışam. Nə vaxt olub, nə də həvəs. Digər əyləncələrə gəlincə isə...

Aygün: Heç olmasa görüşə getməyə vaxt olub?

- Olub, olub.

Vüsalə: Bir qızı görüşə gətirmək üçün nə qədər vaxt lazım olub?

- Çox vaxta ehtiyac olmayıb. Ümumiyyətlə, ünsiyyətlə heç vaxt problemim olmayıb. Həmişə sözümü qısa konkret şəkildə ifadə etməyi bacarmışam ki, nə qarşımdakını, nə də özümü dağa-daşa salmayım. İnsanlar fərqlidir. Hərdən mənə zəng edib deyirlər uşağımı sizə tapşırıram, onu fəallaşdırın. Uşaqla bir saat söhbət edəndə gözlərindən oxuyuram ki, “söhbət bitsə çıxıb gedərdim”. İnsanları fərqli olduqlarına görə qınamaq olmaz. Amma 18 yaşından Könüllülər Birliyi, sonra Gənclər Təşkilatları Milli Şurasında baş katib, sonra tələbə olaraq Avropa Şurasının eksperti kimi çalışmaq, bir də gördüm gənclik illəri qalıb geridə. Təbii, insanın əyləncə ilə, gəncliklə bağlı duyğulara bir nostaljisi olur. Baxırsan ki, kaş indi on il əvvəl olardı...

Xor: Neyləmək istəyərdiz?

- Mənə provakasiyon suallar verməyin (Gülür) Amma sonra diqqətlə özün-özünə hesabat verirsən ki, on il əvvəl olsaydı yenə elə həmən işlərlə məşğul olacaqdın. Peşman da deyiləm. Bu işi sevdiyim üçün mənə zövq verir. Həyatımın heç bir gününə görə peşman deyiləm.

Vüsalə: Ceyhun müəllim, parlamenti kənardan necə təsəvvür edirdiz, içində olandan sonra nə gördüz? Necədir ora?

- Mən parlamentdən razıyam. Həm şəraiti yaxşıdır. Mənə deyirlər, sən bəxtəvərsən, əvvəlki şəraiti görməmisən...

Aygün: Mənə çox maraqlıdır, deputatların qarşısındakı monitorda nə var?

- Gündəlik, qanun layihələri, əlavə düzəlişlər, təkliflər. Sırf parlamentə aid sənədlər.

Aygün: Ordan internetə girmək olur?

- Qətiyyən!

Səbinə: Qadına siyasət yaraşır?

- Yaraşır.

Aygün: Bizim parlamentdəki qadınlar çox fəaliyyətsiz görünür.

- Niyə? Mən razı deyiləm. Birincisi qadınların sayına görə biz ABŞ konqresini üstələyirik...

Aygün: Axı rəqəmlər həmişə düz danışmır...

Vüsalə: Fəallarından biri bu gün həbsdədir.

- Əstəğfürullah!

“Çox maraqlı situasiyadır. Məsələn, Qənirə xanım ekstra aktivdir, deyirlər ki, niyə aktivdir? Kimsə orta həddədir, deyirsiz niyə?” deyib ustalıqla özü mövzunu dəyişir, biz də çox üstünü vurmuruq:

- Son bir ildə oturub hədiyyə deyilən şeyin fəlsəfəsi üzərində düşündüm və qərara gəldim ki, bundan sonra hədiyyə edəndə yerli rəssamlarımızın əsərlərin seçəcəm. Çünki rəssam bir əsəri bir aya, bəzən on beş günə çəkir və siz bir rəsm əsərini almaqla o rəssamın ailəsini bir ay dəstəkləyirsiz. İkinci, işini almaqla rəssamı həvəsləndirib növbəti işi yaratmağa sövq edirsiz. Üçüncü, peşəkarlığına təsir edirsiz, dördüncü, hədiyyə etdiyiniz adama sənəti təbliğ edirsiz, beşinci, sənəti yaşadırsız!

Aygün: Çox mütərəqqi fikirdir.

Vüsalə: Evinizə də alırsız?


- Mənə də hədiyyə edirlər.

Səbinə: Hansı əsərləri sevirsiz?

- Narla bağlı əsərləri sevirəm. Narı həm poeziyanın, həm də sənətkarlığın bir hissəsi olaraq...

Aygün: Çox maraqlıdır, nar bizim mədəniyyətlə yanaşı, gürcü və erməni mədəniyyətinin də elementidir.

- Ermənilər iddia edir. Onların Göyçay kimi bir şəhəri var?

Aygün: İddia başqa şeydir. Sənət əsərlərində isə erməni və gürcü kinosunda, rəssamlığında nar elementi həmişə var. Bizdə natürmort kimi almanın, armudun yanında dayana bilər, amma simvol kimi görməmişəm.

- Xahiş edirəm, nar mövzusunda mənimlə mübahisə etməyin. Sizə narla bağlı əsərlərimizdən ikisini göstərim. İnstagrama bu gün yükləmişəm.

Vüsalə: Kimin əsərləridir?

- Mənə hədiyyə ediblər, heç fərqinə varmamışam. Bunlardan məndə çoxdur, müasir əsərlərdir.

Bilmirəm, bəlkə də ürəyində “nahaq nardan söz saldım, heç narın yeri idi” deyir. Amma bizə nar haqda xeyli məlumat verir, hansı ölkələrdə yetişir, neçə növü var. Göyçay dünyanın yeganə şəhəridir ki, orda narın 65 növünün hamısı yetişir. Bu arada valideynlərinin Göyçaydan olduğunu bilirik. Nar məsələsi o qədər həssas bir mövzuya çevrilir ki, bundan yuxarıda yarımçıq qoyduğumuz mövzu bu qədər gərginlik yaratmamışdı.

Aygün: Ceyhun müəllim, mən sizi əsəbiləşdirən suallar verirəm, acığınız tutmur?

- Səmimi cavab vermək lazımdı. Yox. Mən hər cür suala cavab verirəm. Yoxsa biz öz problemlərimizdən elə danışırıq ki, guya o problemi xaricilər yaradır. Yanımda problemdən danışan olanda deyirəm gəl bunun fəlsəfəsinə varaq. Hər şey baxışla bağlıdır. Sən gərək onun fəlsəfəsini başa düşəsən. Kimsə rüşvətdən şikayətlənir. Deyirəm rüşvət alan sənin dayındır, əmindir, qohumundur...

Aygün: Verən də özümüzük...

Vüsalə: Siz heç rüşvət vermisiz?


- Heç vaxt verməmişəm.

Vüsalə: Heç vaxt bir arayışı daha tez almaq üçün, vaxta qənaət edib beş manatınızdan keçməmisiz?

- Yox, eləməmişəm.

Vüsalə: Vaxt itirib gözləmisiz?

- Ehtiyac olmayıb.

Vüsalə: Yəni artıq əvvəldən adınız Sizin üçün işləyib?

- Mütləq rüşvət vermək lazım olubsa da özüm verməmişəm. Yəni demək istəyirəm ki, nə qədər ki, verən tərəf də, alan tərəf də məmnundur, bu problem düzəlməyəcək.

Aygün: Bu fikirlərinizi Milli Məclisdə də deyirsiz?

- Mətbuatdan da görürsüz ki, bizim parlamentdə hər cür fikir səslənir. Hüquq sistemimiz çox zənginləşib. Düzdür, boşluqlar hələ də var. Qəbul olunmalı qanunlar var. Mənim üç favorit qanunum var. İctimai yerlərdə siqareti qadağan edən qanun, beyin ölümü və tibbi sığorta haqqında. Qanunların icrasına gəlincə, buna vətəndaşdan yaxşı heç kim nəzarət edə bilməz. Bəzən vətəndaş öz probleminə bir məktub qədər biganədir. Hamı tələbkar olmalıdır, hardasa qanun pozuntusu ilə rastlaşmısan, müvafiq quruma şikayət elə. Sonra deyirlər dövlət bizdən nə istəyir? Dövlət çox sadə bir şey istəyir. İstəyir vətəndaşı ağıllı, inkişaf etmiş, peşəkar olsun. Çünki ağılsız vətəndaş dövlət üçün bir yükdür. Günün boş-boşuna keçirib deyəcək mən iş tapmadım. Ağıllı adam hər yanda iş tapacaq.

Bütün suallara elə cavablar verir ki, qonşu masalardakı insanlar belə öz söhbətlərin kəsib, onu dinləyirlər. Sumqayıtın ildən-ilə böyüyən tortundan danışanda isə o bizə sual verir:

- O tortdan bir tikə qaldı? Yeyilib qurtardı də. Demək kiməsə lazım idi. İnanın ki, o tortu bişirən bilsə ki, onu heç kim yeməyəcək, bişirməyəcək. Gördükcə ki, hər il tortun uzunluğu nə qədər çox artır, o qədər tez yeyilib qurtarır, onlar da hər il bir az uzun tort bişirirlər.

Səbinə: Bəlkə ildən-ilə ac insanların sayı artır?

- Tort yeyib doydular? Razı deyiləm. Bu insanlar üçün maraqlıdır, əyləncədir. Elə ölkə də var ki, orda ən böyük şokoladı düzəldirlər...

Aygün: Ermənilər isə pullarını Hollivudda çəkiləcək filmə xərcləyir.

- O filmə pulu Amerika vətəndaşı olan ermənilər xərcləyir. Bizim Amerika vətəndaşı olan azərbaycanlıların qabağını kim kəsib? Mən də istəyirəm Azərbaycanın beynəlxalq səviyyədə bədii filmi olsun. Məndə olan məlumata görə artıq bizdə də iki-üç film ssenarisi üzərində iş gedir, hətta dünyaca məşhur rejissorlar Azərbaycana dəvət olunub, danışıqlar aparılıb. Azərbaycan prezidenti həqiqətən də dinamik bir inkişaf siyasəti yerinə yetirir. Bəzən Azərbaycandan danışanda elə danışırlar ki, sanki biz İsveç idik, o qədər inkişaf etmişdik, birdən-birə döndük olduq Azərbaycan. Biz sovetlərin geridə qalmış Azərbaycanı idik, sovetlər dağılanda dünyanın iqtisadi reytinqlərində 135-ci ölkə idik, indi 50-ci ölkəyə qədər yüksəlmişik. Kimi dindirsən, deyir “lazım olsa vətən üçün canımı verərəm”. Amma nədənsə o canından keçməyə hazır olan adam dünyanın 200-dən çox telekanalının canlı yayımladığı “Formula 1” yarışmasına görə üç gün yolunu iki kilometr o tərəfdən sala bilmir. Qardaş, üç gün ayaqla gəz. Mən də maşınlayam. Həmin günlərdə üç gün maşın sürmədim, düşdüm metroya. Qışda qar yağanda da metro ilə gəzirəm.

Səbinə: Metro kartınız var idi?

- Hə, var idi.

Vüsalə: Hələ də durur?

- İndi bilmirəm hardadı... Demək istəyirəm ki, hamı deyir “lazım olsa”. Ay qardaş, lazımdır də. Müstəqil ölkə istəyirdin? Var! İndi bu müstəqil ölkəni tanıdırıq. Lazımdı “Formula 1” ilə, lazımdı futbol ilə, mədəniyyətlə, Luvrla, Vatikanla, Eurovisionla.

Səbinə: Sualımı məcazi mənada verəcəm. Antik əşyalar mağazasında hansı əşya olmaq istəyərdiz?

- Həyatda heç bir zaman əşya olmaq istəmərəm. Mən məcazi şeyləri çox sevmirəm. Konkret və praqmatik düşüncənin tərəfdarıyam. Fantastik filmləri sevmirəm. Hissləri, reallığı, fəlsəfəni sevən adamam.

Aygün: Ən çox oxuduğunuz filosof hansıdır?

- Siyasi fəlsəfədən Samuel Hantinqton, Bzejinski, Frensis Akiyama, özəlliklə son dönəmlərdə Fərid Zəkəriyyə oxuyuram. Tarixi fəlsəfədən türk jurnalist Ali Çimenin on cildlik “Tarixi dəyişdirənlər” seriyası var. Bu dəqiqə ən sevimli kitabımdır. Mənim üçün nə olur olsun, reallıqla səsləşsin. Film və musiqi mövzusunda kaprizli adam deyiləm, amma müasir olmalıdır. Pedro Almadovarın, Kventin Tarantinonun, Mel Gibsonun filmlərini bəyənirəm.

Vüsalə: Ceyhun müəllim, aylardır ölkədə hamı mandatdan danışır. Necə duyğudur mandat sahibi olmaq? Adama nə verir, nələrdən məhrum edir? Və onun qiyməti doğrudan da bir milyona dəyər?

- Heç bir deputat mandatı alınıb-satılmır. İkincisi, bu söhbəti müzakirə etməyin özü ayıbdır. Mən bunu ölkəmizin parlamentarizminə yaraşdırmıram.

Vüsalə: Amma mandatın nəsə bir hökmü var. İnsanlar deputat seçilənə qədər bir cür, seçiləndən sonra başqa cür, növbəti dəfə seçilməyəndə isə tamamən başqa cür olurlar, nümunələr var. Yəni bu ölkəni mandatsız sevmək çox çətindi?

- Vallah, mən bu ölkəni sevəndə, onun üçün çalışanda mandatım yox idi.

Vüsalə: Sizi də dəyişdirib. Xarakterinizdə, telefon nömrənizdə dəyişiklik olmasa da, qan təzyiqiniz yüksəlib...

- Yox, bu mandatlıq deyil (Gülür). Sadəcə işin həcmi artıb. Həyatımda uçuşlar çoxalıb. Daim fərqli coğrafiyalara uçuram, ona görədir. Amma siz illah da məndən söz çıxartmaq istəyirsizsə ki, mandat insana nə verir deyim. Mandat sənə toxunulmazlıq və xalqına xidmət etmək üçün səlahiyyət verir.

Vüsalə: Yəni dəyər...

- ...Mənəvi dəyəri bir milyona yox, yüz milyonlara da dəyər.

http://news.lent.az/news/117440

printerçap versiyası