Aze / Eng / Rus
Ceyhun Osmanlı
Ceyhun Osmanlı IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı
BioqrafiyaFəaliyyətİnteraktiv kabinetƏziz seçiciFikirlərMətbuat otağıFotoqalereyaVideo

Əziz seçici

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.
ətraflı oxu

Fotoqalereya

51
(050) 340-40-30

Fəaliyyət

Millət vəkili: “Uşaqlarım 3 dildə danışır...” – Müsahibə - 2015-01-15

“Deputat seçilmək üçün yalandan vəd verirlər”

Milli Məclisin gənc deputatı Ceyhun Osmanlı AzVision.az-a müsahibəsində bir sıra məqamlara toxunub. O, mətbuatdan uzaq düşməsindən tutmuş haqqında deyilən söz-söhbətlərə kimi mühüm məqamlara aydınlıq gətirib:

- İlk öncə bu sualla başlayaq. Yeni ili harada qarşıladınız?

-Yeni ili Azərbaycanda qeyd etdik. Uşaqlarla bərabər füsunkar bir şəkildə bəzədilmiş Bakımızı gəzdikdən sonra yeni ili evimizdə qarşıladıq. Uşaqlar indidən anlamalıdır ki, dünyanın ən gözəl yeri onların öz vətənidir. Bununla bərabər imkan dairəsində dünyanı gəzib, görüb, öyrənməyin də tərəfdarıyam.

-Uşaqlarınızın fotolarını sosial şəbəkədən görmüşük, adları nədir, neçə yaşları var?

-3 oğlum var. Allah hər kəsə övlad nəsib etsin. Adları Yunis, Yaqub, Osman. 2006, 2008 və 2012-ci il doğumludurlar.

-Uşaqlarınızda ən çox hansı cəhətin olmasını istərdiniz? Nə ilə sizi daha çox sevindirə bilərlər?

- Məsuliyyətli olmalarını istərdim. Məsuliyyət ən önəm verdiyim keyfiyyətdir. Uşaqların özlərinə, ailələrinə, cəmiyyətlərinə, dövlətlərinə qarşı məsuliyyətli olmasını istərdim. Yaşlarının az olmasına baxmayaraq öz uğurları ilə sevindirməyi bacarırlar. Dərslərini yaxşı oxuyurlar. Rəsm, idmanla fəal məşğuldurlar. 3 dildə danışırlar.

-Çoxdandır sizdən geniş müsahibə almaq istəyirdim, lakin alınmırdı. İddia edilirdi ki, siz mətbuatdan qaçırsınız? Nə baş verirdi? Nə üçün mətbuata çıxmırdınız?

-Uzun zaman idi bəzi tədqiqatçılarla “Qarabağ 99 sualda” adlı kitabın hazırlanması üzərində çalışırdıq. 2014-cü il bitmədən kitabın çapdan çıxmasını hədəfləmişdik. 29 dekabrda kitab çapdan çıxdı və artıq danışmaq imkanı var. Fürsətdən istifadə edib kitabın bir nüsxəsini də Sizə hədiyyə edirəm.

- Təşəkkür edirəm, çox sağ olunuz. Qayıdaq geridə qoyduğumuz 2014-cü ilə. Sizin üçün nə ilə yadda qaldı bu il?

-Bütün müsbət hadisələrlə yanaşı 2014-cü ildə təəssüf ki, dünya yeni bir iqtisadi böhrana qədəm qoydu. Bu gün dünya maliyə sektoru ilə dünyada real iqtisadiyyat arasında ciddi disbalans var. Hətta ən nəhəng superdövlətlərin xarici borcu tarixinin maksimumuna çatır amma bu borcları qaytarmaq mexanizmi yoxdur. Dünya insanının sayı kəskin şəkildə artır amma münbit torpaqlar, təbii qida, su ehtiyatları azalır. Bütün bunlar azmış kimi dünyada 2014-cü ildə terror kabusu artdı. İŞİD kimi dəhşətli bir reallıq dünya gündəminə gəldi. Dünya yeni soyuq müharibəyə qədəm qoydu. Dünyada qütbləşmə sürətləndi. Super güclər ayrı-ayrı ölkələrdə provokasiya yaratmaq üçün açıq aşkar terror kimi dəhşətli bir alətdən müntəzəm istifadə etməyə başladı və təəssüflə qeyd etməliyəm ki, hər gün mediada yüzlərlə məsum insanın qətli ilə bağlı xəbərlərə alışmışıq.

-Dünya fırtınalı dənizi xatırlatdığı bir dövrdə Azərbaycan bu sınaqdan çıxacaqmı?

- Doğru qeyd edirsiniz ki, dünya fırtınalı dənizi xatırladır. Azərbaycan isə bu dənizdə üzən bir gəmidir. Bu fırtınanın nə qədər davam edəcəyi bəlli deyil. Fırtınadan əlavə dənizdə xeyli dəniz quldurları da var ki, gəminin hərəkətinə mane olmağa çalışır. Lakin biz çox inamla üzürük, çünki gəminin kapitanı və ekipajı çox təcrübəlidir. Gəminin sərnişinləri isə kapitanla həmrəydir və ona dəstəkdir. Fırtınalar Azərbaycandan çox da uzaq olmayan coğrafiyada baş verir. Ona görə də bu problemlərin Azərbaycana sirayət etməməsi üçün milli təhlükəsizliyimiz naminə dövlət və vətəndaş cəmiyyəti eyni mövqedən çıxış etməlidir.

Bəs, son dövrlər bəzi qərb dairələrində Azərbaycanla bağlı birmənalı olmayan fikirləri nə ilə əlaqələndirirsiniz?

-Azərbaycan ərazi və əhali baxımından superdövlət olmasa da dünyada öz müstəqil siyasəti ilə seçilən ölkələrdəndir. Azərbaycan və azərbaycanlıların dünyada nüfuzu artmaqdadır. Artıq dövlətimizin imkanları və manevr qabiliyyəti Mərkəzi Asiya, Qafqaz, Xəzəryanı ölkələr, Balkanlar, Baltik ölkələri, Şərqi Avropa və Cənubi Avropada xüsusilə güclənmişdir. Azərbaycan əksər dünya ölkələri ilə səmərəli ikitərəfli əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev verdiyi hər bir qərarda Azərbaycan dövlətinin və vətəndaşlarının maraqlarını cəsarətlə qoruyur. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanımızın inkişafı ilə bağlı qarşıya qoyduğu əksər məqsədlərə çatılıb. Azərbaycan inkişaf etməmiş bir ölkədən qısa müddətdə dünyanın ən sürətlə inkişaf edən və inkişafı ilə göz qamaşdıran bir ölkəyə çevrilib. Azərbaycanın öz təcrübəli biznes qurumları meydana gəlibdir ki, bir çox irili, xırdalı layihələri həyata keçirsin və bundan Azərbaycan vətəndaşları faydalansın. Azərbaycanlı iş adamları həm Azərbaycanda, həm də dünyada müntəzəm olaraq yatırımlar edirlər. Azərbaycan dövləti imkan vermir ki, səvətlərimiz xaricilər tərəfindən talan olunsun. Təbii olaraq isə bəzi qərb siyasətçiləri öz şirkətlərinin Azərbaycan sərvətlərindən pay almasına çalışır. Amma buna nail olmayanda əllərindəki bəzi media vasitələri, təşkilatları və s. işə salırlar və bəzən təəssüf ki, şər-böhtan kampaniyasına əl atırlar. Amma yaxşı olardı ki, onlar sayı 60 milyona yaxınlaşan və dünyada söz sahibi olan azərbaycanlıların ana vətəni olan Azərbaycanla daha ədalətli üslubda əməkdaşlıq edərdilər.

-Azərbaycanın neft gəlirlərindən geniş şəkildə istifadə etməsini tənqid edənlər də az deyil. Neftdən asılılığımız normaldır?

-Bu sual çox səslənir. Hansısa ölkənin daş kömürü var, başqasının metal ehtiyatları var, kiminin qızılı, başqasının pambığı. Təbii ki, hər ölkə ilk növbədə ixracda rəqabətli nəyi varsa gəlirlərini onun üzərində qurur. Neft bizim yeganə sərvətimiz deyil. Amma keçən dövr üçün ən rəqabət qabiliyyətli sərvətimiz idi. Amma neftdən gələn gəlirlər imkan verdi ki, biz digər sərvətlərimizi kəşf edək, ən əsası isə insan resurslarımızı elə səviyyəyə çatdıraq ki, Azərbaycanın hər tərəfli iqtisadi potensialı üzə çıxsın. İndi isə milli iqtisadiyyatımızın digər sahələri inkişaf edir. Azərbaycan ən az növbəti 100 ildə etibarlı qaz ixracatçısı kimi öz sözünü deyəcək. Qeyri-neft sektoru sürətlə inkişaf edir. Ən əsası isə neft gəlirləri imkan verdi ki, Azərbaycan öz köhnəlmiş infrastrukturunu yeniləsin, təhsil, səhiyyə, gənclər, idman və bütün humanitar sferada total islahatlar həyata keçirildi, xaricdən asılı olmadan Azərbaycan özünün qida, su, qaz, elektrik enerjisi sahəsində tələbatını təmin etdi. Ən əsası isə neft gəlirləri Azərbaycanın güclü ordu quruculuğuna və milli təhlükəsizliyimizin möhkəmlənməsinə şərait yaratdı və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbycanı düşməndən dəfələrlə güclü bir tərəfə çevirdi.

Bəs, Neft Fondunun gəlirlərinin xərclənməsinə necə baxırsınız? O vəsaitləri gələcək nəsillərə saxlamaq daha yaxşı olmazdımı?

-Gələcək nəsillər nə deməkdir? Neft fondu vəsaiti hesabına qaçqın və məcburi köçkünlərimizin məskunlaşdığı çadır düşərgələri ləğv edildi və onlar indi isti mənzillərdə yaşayır. Bu evlərdə doğulan, yaşayan uşaqlar gələcək nəsil deyil mi? Xaricdə neft fondu hesabına təhsil alan minlərlə gəncimiz Azərbaycanın gələcəyi deyilmi? Neft Fondu hesabına insanların evinə çəkilən təmiz su gələcəyimiz sağlam təminatı deyilmi? Neft Fondu hesabına maliyyələşən investisiya layihələri Azərbaycanın gələcək gəlirlərinin əsasını təşkil etmirmi? Əlbəttə bütün sualları cavabı müsbətdir. Ona görə də hesab edirəm ki, həm bu gün, həm də gələcəkdə Neft Fondunun xərclədiyini hər bir manat Azərbaycan vətəndaşlarının təminatlı gələcəyinə yönəlmişdir.

- Deputat fəaliyyətinizdən söz açaq. 4-cü Çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Bəzən mətbuatda deputatların fəallığı haqqında birmənalı fikirlər səslənmir.

-Milli Məclis Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan və Azərbaycan vətəndaşları naminə həyata keçirilən siyasətin hüquqi bazasını hazırlayır. Mən bu çağırışda elə bir hala rast gəlməmişəm ki, hansısa qanun layihəsinin qəbul olunması yetərsay olmamasına görə baş tutmasın. Bu o deməkdir ki, deputatlar iclasa gəlir, müzakirələrdə iştirak edir. Plenar iclasa çıxmadan öncə qanun layihələri komitə iclaslarında müzakirə olunur. Burada da deputatlar çox fəal olaraq müzakirələrdə iştirak edir. Hansısa deputat plenar iclasda çıxış etmirsə və ya mətbuatla sıx işləmirsə o demək deyil ki, o işləmir. Deputatların qayğısı plenar iclasla bitmir. Onlar seçiciləri ilə görüşür, onlara gələn müraciətləri təhlil edir və müvafiq sorğular göndərir, xaricdə Milli Məclisi təmsil edir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çoxsaylı tədbirlərə qatılır və s.

- Siz necə, seçiciləriniz qarşısında verdiyiniz vədlərə əməl etmisinizmi?

-Mən çox sevinirəm ki, Cənab Prezident başda olmaqla Azərbaycan hökümətinin Sabirabada çox yüksək diqqət və qayğısı olmuşdur. 5 il qabaq Sabirabad sel daşqınlarının qayğısı ilə yaşayırdı. Bu gün isə Sabirabad Azərbaycanın ən abad bölgələrindən biridir. Müasir yollar, evlər, məktəblər, xəstəxanalar, körpülər, mərkəzlər, parklar, infrastruktur layihələri, elektrik və qaz təchizatı, yeni iş yerləri Sabirabadda bu günün reallığıdır. Cənab Prezident Sabirabada dəfələrlə səfər etmişdir. Onun hər bir gəlişi Sabirabadda bayram əhval ruhiyyəsi yaratmış və bu səfərlər növbəti gözəl layihələrə zəmin yaratmışdır. Prezidentimizin iştirakı ilə ölkədə ən müasir ASAN xidmət mərkəzlərindən birinin Sabirabadda açılması və ASAN Könüllülərin 1-ci Qurultayının Sabirabadda keçməsi də Sabirabadın ən müasir tarixinin şanlı səhifəsidir. Hər bir deputat seçicilərlə ünsiyyətdə olarkən öz dövlətinin resurslarına arxalanaraq danışmalıdır və yalan vədlər verməməlidir. Çünki nəticədə əksər hallarda deputat körpü rolunu oynayır. Problemlər isə hökümətimiz və yerli icra hakimiyyətləri tərəfindən həll olunur.

-Sizcə, bütün bölgələr bərabərdir, yoxsa hansısa bölgəyə daha çox diqqət ayırmaq lazımdır?

-Əslində bütün bölgələrimizə ayrılan diqqət yüksək səviyyədədir və bütün vətəndaşlarımız dövlətimizin nəzərində bərabərdir. Amma hər zaman düşünmüşəm ki, cəbhəyanı bölgələrə xüsusi diqqət olmalıdır. Xüsusilə Qarabağ bölgəsi və Naxçıvana xüsusi diqqət olmalıdır. Dağlıq Qarabağ və ətraf rayonlar işğaldan azad olmayana qədər hər kəs ürəyində Qarabağ yanğısını hiss etməlidir. Naxçıvan isə blokadadadır. Ona görə də oraya diqqət ikiqat olmalıdır. Oradakı vətəndaşlarımız, bacı-qardaşlarımızla əsasən hava əlaqəsi ilə ünsiyyətdə olsaq da onlar mətin bir şəkildə Muxtar Respublikanın inkişafı naminə çalışır. Əlbəttə ki, gələcəkdə büdcə vəsaitində Naxçıvanın inkişafı prioritet olmalıdır.

- Ceyhun müəllim, yəqin ki, dünyada baş verən dini qarşıdurmaları izləyirsiniz. Azərbaycanı islam dövləti hesab etmək olarmı?

-Azərbaycanı islam dövləti hesab etmək olmaz. Çünki Azərbaycan hüquqi, dünyəvi və unitar respublikadır və din dövlətdən ayrıdır. Amma Azərbaycan müsəlmanların əksəriyyət təşkil etdiyi bir respublikadır. Hesab edirəm ki, bu gün dünyada əsl islamın yaşandığı ölkələrdən biri Azərbaycandır. Çünki islam barışı, sevgini sevir. Azərbaycan isə dünyanın bəlkə də yeganə ölkəsidir ki, kilsə, sinaqoq və məscid az qala bir kvartalda yerləşir. Hardasa terror varsa, radikallıq varsa demək orada islam yoxdur, islam adından sui istifadə var. İŞİD kimi bir qüvvə heç bir şəkildə islamı təmsil edə bilməz. Azərbaycan vətəndaşları olaraq çox sevinirik ki, İŞİD kimi qüvvələr Azərbaycana yol tapmır və milli təhlükəsizliyimiz ayıq-sayıq şəkildə qorunur. Əgər İŞİD harasa yol tapırsa demək orada islamın sonudur. Ona görə də hər bir vətəndaşımız Azərbaycan Prezidenti və dövlətinin ətrafında sıx birləşməlidir ki, islam adına utanc verici hadisələr heç bir zaman Azərbaycanda yaşanmasın!

Hafiz Əhmədov

http://az.azvision.az/news.php?id=50670

printerçap versiyası