Ceyhun Osmanlı :: Seçicimə müraciət

ƏZİZ SEÇİCİLƏRİM – DƏYƏRLİ SABİRABADLILAR!

Qarşıdan 7 Noyabr - MİLLİ MƏCLİSİMİZƏ SEÇKİLƏR gəlir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev “AZƏRBAYCANDA HAKİMİYYƏTİN MƏNBƏYİ XALQDIR” deyirdi. Bu sözlər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Hər bir vətəndaşımızı gündəlik düşündürən məsələlər vardır ki, onların həlli Qanunverici Hakimiyyətdən - Milli Məclisin qəbul etdiyi qanunlardan birbaşa asılıdır. Odur ki, hər birimiz Qanunverici Hakimiyyətə öz nümayəndəmizi seçərkən kimə səs vermək haqqında ciddi düşünməliyik. 7 Noyabr günü öz sabahını düşünən və ona laqeyd olmayan hər kəs fəal olmalıdır!

Bu seçkilərin əvvəlki seçkilərdən əsas fərqi odur ki, bu seçkilər Azərbaycanımızın keçid dövrünü arxada qoyduğu, dövlətimizin daha da gücləndiyi, dolayısıyla mövcud olan problemlərin dövlət tərəfindən həll olunması üçün imkanların daha da artdığı bir dövrə təsadüf edir. Odur ki, biz BU SEÇKİLƏRƏ DAHA BÖYÜK İNAMLA GEDIRIK.

Mən, Ceyhun Osmanlı bu seçkidə Sizə üz tutaraq yaşlı-cavan, varlı-kasıb, kişi-qadın demədən BÜTÜN SABİRABADLILARIN VƏKİLİ OLMAQ üçün, Milli Məclisdə təmsilçiniz olmaq üçün, kimə oğul, kiməsə qardaş olmaq, kimə dayaq, kiməsə sirdaş olmaq üçün, hər birinizə dost olmaq üçün gəlmişəm. Mən bu doğmalığı Sizinlə bölüşmək, həm xeyir, həm də şər gündə yanınızda olmaq üçün gəlmişəm. “Hakimiyyətin mənbəyi xalqdır” kəlamından yola çıxaraq SİZİ DÜŞÜNDÜRƏN MƏSƏLƏLƏRİ SİZİN ÖZÜNÜZDƏN DİNLƏMƏK ÜÇÜN GƏLMIŞƏM. Bu məsələlərin istər Milli Məclisdə, istərsə də digər instansiyalarda qaldırılması və həll edilməsi üçün etimadınızı qazanmağa gəlmişəm.

Bu gün Azərbaycanın sürətli, hərtərəfli və davamlı inkişafı ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas hədəflərdəndir. Bu istiqamətdə hər bir bölgəmizdə, o cümlədən Sabirabad rayonunda ardıcıl işlər görülmüşdür. Görülən işlərlə yanaşı, Sabirabad rayonunda bundan sonra da aşağıda sadalanan vəzifələrin həyata keçirilməsi hər birimizi düşündürür və bu məsələlər mənim seçki platformamın əsas müddəalarını təşkil edir:

• Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni kənd yollarının salınması,
• Qaz və elektrik sisteminin yenidən qurulması,
• Yeni iş yerlərinin açılması,
• Təhsil müəssisələrinin təmiri və yenidən qurulması, əlavə təhsil müəssisələrinin inşa olunması,
• Səhiyyə müəssisələrinin müasirləşdirilməsi və yeni səhiyyə obyektlərinin tikintisi,
• Su-kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi,
• Yerli sahibkarlığın dəstəklənməsi,
• Kənd təsərrüfatında ənənəvi sahələrin inkişaf etdirilməsi və yeni layihələrin stimullaşdırılması, kəndlərdə toplanan məhsulun şəhər bazarlarına asanlıqla daşınması üçün əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatının inkişafına mane olan əngəllərin aradan qaldırılması,
• Daşqına qarşı yeni bəndlərin tikilməsi,
• Təbii fəlakətlərə qarşı insanların sığortalanması üçün fəaliyyətin gücləndirilməsi,
• Birləşmiş Qazanxana və istilik şəbəkə sistemini təkmilləşdirərək müəssisə və evlərə istiliyin verilməsi,
• Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klubların və təşkilatların yaradılması,
• Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması,
• Yeni idman qurğularının qurulması, xüsusilə də şəhər stadionunun bərpası,
• Uşaq bağçalarının fəaliyyətinin bərpa edilməsi və ümumiyyətlə uşaqların hərtərəfli inkişafına şəraitin yaradılması,
• Kitabxanaların günün tələblərinə uyğun fəaliyyət göstərməsi,
• Mədəniyyət obyektlərinin müasirləşdirilməsi,
• Aztəminatlı ailələrin diqqət mərkəzində saxlanılması,
• Yeni taxıl elevatorunun tikintisi,
• Yeni soyuducu kameraların qurulması,
• Veteranlar, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar, əlillər, kimsəsiz insanların problemlərinin diqqət mərkəzində saxlanılması,
• Təqaüdçülərin sosial təminatı məsələsi, xüsusilə ahıl insanlara qayğı göstərilməsi,
• İnkişafa mane olan və ümumi narazılıq yaradan müəyyən bürokratik əngəllərin, korrupsiya və rüşvətxorluq hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlərin görülməsi,
• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin nəzarətdə saxlanılması,
• Rayonda insan kapitalının idarə olunmasına investisiyalar və ayrı-ayrı sahələrə uyğun peşəkar kadrların tapılması,
• Tarixçilər, etnoqraflar, xüsusilə arxeoloqlar tərəfindən regionda tədqiqatların aparılması, arxeoloji qazıntılar vasitəsilə regiona diqqətin artırılması,
• Regionun potensialının tam olaraq üzə çıxarılması və s.

Qeyd etdiyim bu məsələləri seçki platformamın əsas maddələri kimi Millət Vəkili seçiləcəyim təqdirdə diqqət mərkəzində saxlayacaq, ONLARIN HƏLLİ NAMİNƏ DAVAMLI OLARAQ FƏALİYYƏT GÖSTƏRƏCƏYƏM.
Mənim üçün SEÇKİ günü BİR SON DEYİL, BAŞLANĞICDIR. Əgər məni vəkiliniz olaraq seçsəniz məni yalnız mətbuatda, əl çatmayan yerlərdə deyil, tez-tez öz şəhər və kəndlərinizdə görəcəksiniz, birlikdə dərdləşib birlikdə işləyəcək, Sabirabadın gələcəyi naminə BİR AİLƏ KİMİ ÇALIŞACAĞIQ!

Sabirabadlılar səmimi, zəhmətkeş, mehriban və qonaqpərvər insanlardır. Məhz Sizlərlə ƏL-ƏLƏ, ÇİYİN-ÇİYİNƏ verərək Sabirabadın inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram. Sizin vəkiliniz olaraq sizin ailənin bir üzvü qədər Sizə yaxın olacaq, Sizi eşidəcək, fikirlərinizi səsləndirəcəyəm.

Sabirabadın inkişafını bir məqsəd olaraq düşünərkən, bir məsələni də unutmamalıyıq ki, həm sabirabadlıların, həm də bütün azərbaycanlıların ən böyük məqsədi erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar, o cümlədən sabirabadlılar yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq. İşimizin keyfiyyətli nəticə verməsi üçün BİZƏ İNKİŞAF EDƏN VƏ AZƏRBAYCANIN MÜBARİZƏSINƏ CİDDİ TÖHFƏLƏR VERMƏYƏ QADİR OLAN SABİRABAD LAZIMDIR! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsini kimi ümumi ideyalar ətrafında birləşərək Sabirabadı Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevirəcəyimizə inanırıq.

Şübhəsiz ki, Milli Məclis üzvünün əsas vəzifəsindən biri də qanunvericilik təşəbbüsü və hər kəsə faydası toxunacaq qanunların hazırlanmasıdır. Biz elə qanunlar hazırlamalıyıq ki, hər birimiz - müəllimlərimiz, həkimlərimiz, şagirdlərimiz, tələbələrimiz, təqaüdçülərimiz, bir sözlə bütün vətəndaşlarımız bundan bəhrələnsin. HƏR KƏS ÖZÜNÜ HƏR BİR ZAMAN HÜQUQUN ÜSTÜN OLDUĞU AZAD, ƏDALƏTLİ VƏ FİRAVAN CƏMİYYƏTDƏ HİSS ETSİN.

Etimadınız sayəsində mən istər parlamentdəki qanunvericilik fəaliyyətimdə, istərsə də regional layihələrin reallaşması üçün yorulmadan çalışmağa tam hazıram və BUNU VİCDANLA EDƏCƏYİMƏ SÖZ VERİRƏM. İnanıram ki, ölkəmizdə günü-gündən artan imkanlarla Sabirabad üçün zəruri olan layihələr arasında körpü rolunu oynayacağam və Sabirabadın inkişafı naminə vicdanla xidmət göstərəcəyəm.

BİZ SABIRABADIN İNKİŞAF ETMƏSİNİ VƏ BU İNKİŞAFDAN HƏR KƏSƏ PAY DÜŞMƏSİNİ İSTƏYİRİK!

BİZ İNKİŞAF HAQQINDA SADƏCƏ DANIŞMIRIQ, İNKİŞAF ÜÇÜN ADDIMLAR ATIRIQ!

ARTIQ XƏYALLAR ZAMANI DEYİL, REALLIQLARIN ZAMANIDIR! REAL İŞLƏR VƏ REAL LAYİHƏLƏR ZAMANIDIR!

Biz DAHA ABAD SABİRABAD deyirik !

Biz GƏNCLİK,İNKİŞAF,GƏLƏCƏK deyirik!

Hər birinizə hörmət və ehtiramla,

Ceyhun Osmanlı

SİZİN NAMİZƏD
 

http://www.ceyhunosmanli.az/dearvoters/tovoters/